İranın dini lideri Ayətullah Əli Xamenei sui-qəsd nəticəsiində öldürüləndən sonra, ABŞ-İsrail cütlüyünün İrana qarşı başlatdığı müharibənin hesablanmayan təhlükələri daha da artıb.
Hafta.az yazır ki, rusiyalı politoloq Fyodor Lukyanovun sözlərinə görə, BMT üzvü olan bir dövlətin qanuni liderinin hədəfə alınması beynəlxalq münasibətlərdə yeni bir dövrün başlanğıcı ola bilər.
Rusiya Xarici və Müdafiə Siyasəti Şurasının sədri, "Russian in Global Policy" jurnalının baş redaktoru Fyodor Lukyanov “Business FM”ə verdiyi qiymətləndirmədə hadisənin beynəlxalq sistemə təsirini təhlil edib.
"Birləşmiş Millətlər Təşkilatının üzvü, beynəlxalq birliyin qanuni iştirakçısı olan və sona qədər rəsmi danışıqlar aparılan bir dövlətin lideri narkotik kartelinin lideri kimi aradan qaldırıldı. Bu, fərqli bir beynəlxalq münasibət növünə keçid deməkdir. Verilən mesaj budur: Həmsöhbət deyilsiniz, hədəf sizsiniz. Birdən masanın digər tərəfində oturan şəxs tərəfindən qurbana çevrilə bilərsiniz" deyən Lukyanovun sözlərinə görə, bu hərəkət diplomatiyanın bütün fundamental prinsiplərini sarsıdıb. Ekspert qeyd edib ki, artıq dünyada beynəlxalq hüquq anlayışı qalmayıb və bu vəziyyətdə danışıqlar aparmaq mümkünsüzdür. Yəni, əgər qarşı tərəfin istənilən an birbaşa hücuma keçə biləcəyini biliriksə, o zaman sadəcə silahlanaraq özümüzü qorumağı düşünməliyik.
Analitik həmçinin İran liderinin təhlükəsizlik tədbirlərinə diqqət çəkib. İsrail rəsmilərinin Xameneinin bunkerlərdə gizləndiyinə dair tez-tez verdiyi açıqlamalara baxmayaraq, liderin əslində həssas olduğu ortaya çıxıb. Lukyanov bildirir ki, bu vəziyyət dünya liderlərini təhlükəsizlik siyasətlərini yenidən nəzərdən keçirməyə vadar edəcək. Politoloqun ən təəccüblü xəbərdarlığı nüvə silahına malik ölkələrin liderlərinə yönəlib: "Bu, kütləvi qırğın silahlarına malik ölkələrin liderləri üçün xüsusilə vacib dərsdir. “Biz də eyni şeyi edə bilərik" fikri, "Bu, mənim də başıma gələ bilər, onda çıxış yolum olmaz və hər şeyi edə bilərəm" fikri də formalaşır. İran idarəetmə sistemi keçmişdə çox vacib hərbi və siyasi fiqurların aradan qaldırılmasına baxmayaraq inanılmaz dərəcədə möhkəmlik nümayiş etdirib. İndi sual bu sistemin təcavüzə nə qədər müqavimət göstərə biləcəyidir".
Lukyanovun sözlərinə görə, əməliyyat uzanarsa, həm Tramp, həm də Netanyahu üçün problemlər daha da arta bilər: "Bu, Tramp üçün xüsusilə risklidir. O, böyük hərbi kampaniyaları sevməyən lider kimi tanınır, amma riski öz üzərinə götürüb. ABŞ ictimai rəy sorğularına görə, İrana qarşı güc tətbiqi heç vaxt populyar fikir olmayıb. Reaksiyalar İran ətrafında deyil, daha çox "Trampın heç kimlə məsləhətləşmədən başqa bir ölkəyə müharibə elan etmək hüququ varmı?" sualı ətrafında fırlanacaq".
Avropanın vəziyyətini "çaşqınlıq" adlandıran Lukyanov qitənin çətin vəziyyətdə olduğunu bildirir: "Onlar öz rəhbərlərinə meydan oxumağa cəsarət etmirlər, eyni zamanda beynəlxalq hüquqa tamamilə zidd olan bu hərəkətləri dəstəkləməyə də cəsarətləri çatmır. Lakin zamanla fikirlərini dəyişəcəklər. Xüsusilə ABŞ və İsrail öz hərəkətlərində uğur qazanarsa, Avropa deyəcək ki, "Gəlin yeni İrana baxaq".